Sentyabrın 17-də Bakıda İqtisadiyyat Nazirliyi və İraqın Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və İraqın Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-İraq biznes forumu keçirilib.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida, logistika, tikinti, konsaltinq, gəmiçilik və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı, həmçinin “Cahan Şirkətlər Qrupu” MMC-nin rəhbər heyəti də iştirak etmişdir. Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov zəngin tarixə malik Azərbaycan-İraq əlaqələrinin dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində inkişaf etdiyini vurğulayıb.
İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri iki ölkə arasında tarixi bağların olduğunu və ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında siyasi, sosial, turizm və nəqliyyat sahələrini əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması tərəfdaşlığı daha da gücləndirib.