Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət kuboku” uğrunda yeniyetmə qızlar arasında voleybol üzrə turnir keçirilib.
Azərbaycan və Türkiyə komandalarının qatıldığı yarış, sentyabrın 4-də start götürüb. Turnir, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Turnirdə 8 komanda iştirak edib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sentyabrın 7-də keçirilən final oyununu izləyib. “Naxçıvan” və “Əskişəhər” komandalarının gərgin və maraqlı mübarizə zəminində keçən yarışını Olimpiya İdman Kompleksində çoxsaylı tamaşaçı izləyib.
Oyun “Əskişəhər” komandasının 3-2 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ardınca mükafatlandırma mərasimi keçirilib. Sonra “Muxtariyyət kuboku” uğrunda birincilikdə ilk üç yerin qalibləri mükafatlandırılıb. Mükafatlandırmada “Cahan Şirkətlər Qrupu“ MMC-nin Aparat Rəhbəri Azər Cəfər iştirak edib.
Qeyd edək ki, Tədbirin keçirilməsində iştirak edən sponsorlar arasında “Cahan Şirkətlər Qrupu “ MMC-də var.