“Cahan Sənaye Kompleksi” MMC 2007-ci ildə ASC kimi fəaliyyətə başlamış, 2016-cı ildən isə MMC olaraq fəaliyyətini davam etdirmişdir.
Müəssisə müasir texnologiyalarla keyfiyyətli məhsullar istehsal etməklə ölkənin sənaye potensialının inkişafına töhfə verir. İstehsal gücü ayda 1500 ton olan kompleks, idxaldan asılılığı azaltmaq və yerli bazara rəqabətqabiliyyətli məhsullar təqdim etmək məqsədi daşıyır.
Kompleksdə istehsal olunan bütün məhsullar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən uyğunluq sertifikatları ilə təsdiqlənmişdir.
Bundan əlavə, müəssisə beynəlxalq keyfiyyət sertifikatlarına da malikdir. İstehsalda istifadə olunan avadanlıqlar Türkiyə, Almaniya və digər ölkələrdən, xammal isə əsasən Türkiyə və Çin Xalq Respublikasından gətirilir.
Azərbaycanda panel radiator istehsalı sahəsində ilk olan bu zavod “Hidrotam” və “Mumak” kimi markalara məxsus avadanlıqlarla təchiz olunmuşdur. Zavodda iki əsas məhsul istehsal edilir: panel radiatorlar və çinkləşdirilmiş dam örtükləri.
Panel radiatorlar 500 mm və 600 mm enində, müxtəlif uzunluqlarda istehsal olunur və rəngli variantları da mövcuddur.
“Cahan Sənaye Kompleksi” “Maqna” brendi altında 7 növdə və 160 çeşiddə məhsul istehsal edir.
Maqna dam örtükləri – kerapitça boyalı, qumlu, trapez boyalı və şifer dalğalı olmaqla 4 növdə, istənilən ölçüdə və Avropa standartlarına uyğun hazırlanır.
Maqna panel və alüminium radiatorları isə robot qaynaq və Zirkonyum Kataforez boya texnologiyası ilə təchiz olunmuşdur və 10 illik zəmanətlə təqdim olunur.
Maqna alüminium radiatorları, yüksək texnologiyalı istehsal prosesinə görə təbii qaz sərfiyyatında 25%-ə qədər qənaət təmin edir. Eyni zamanda, Maqna panel radiatorları 13 Bar təzyiq altında sınaqdan keçirilir və dayanıqlılığı ilə seçilir.
Bu da məhsulların həm yerli, həm də xarici bazarda rəqabət gücünü artırır.
Panel radiatorlar və dam örtükləri məhsulları, sifarişə uyğun ölçü və rənglərdə istehsal olunur və Rusiya, Qazaxıstan, İraq və digər ölkələrə ixrac edilir.
Bu, həm Naxçıvanın ixrac potensialına, həm də Azərbaycanın ümumi ticarət dövriyyəsinə müsbət təsir göstərir.
2009-cu ildən fəaliyyət göstərən satış bölməsi potensial müştərilərin tapılması, məhsullar haqqında məlumat verilməsi, şikayət və təkliflərin təhlili, sifarişlərin toplanması və vaxtında təhvil verilməsi ilə məşğuldur.
Müştərilərə istədikləri ölçü və dizaynda məhsullar təqdim olunur, yüksək xidmət və keyfiyyət isə əsas prioritetlər sırasındadır.