“Cahan AVM” MMC – idarəetmə, satış, mal təminatı və mühasibat sahələrində dünyaca tanınmış firmaların təcrübəsi əsasında yaradılmışdır. Şirkət 15 oktyabr 2011-ci ildə təsis olunub, qurucusu Vüqar Abbasovdur. “Cahan AVM”, Cahan Holdinqin tərkibində fəaliyyət göstərən və Naxçıvanda ilk və yeganə alış-veriş mərkəzi kimi tanınır.
36.000 m² açıq və qapalı sahəyə malik olan “Cahan AVM” gündə 10.000-dən çox ziyarətçini qəbul edir. Mərkəzdə hal-hazırda 23 satış bölməsi fəaliyyət göstərir. Bu bölmələrə qida, geyim, elektronika, mebel, mebel aksesuarları, uşaq aləmi, hamam aksesuarları, inşaat materialları, restoran və istirahət zonaları daxildir. Bütün məhsullar xüsusi vitrinlərdə sərgilənir və təcrübəli heyət tərəfindən təqdim olunur.
AVM-də satılan malların evlərə çatdırılması və quraşdırılması şirkət tərəfindən həyata keçirilir. Satış sonrası xidmət, keyfiyyətə nəzarət və müştəri məmnuniyyəti burada əsas prinsip kimi qəbul olunur. Mərkəz həmçinin digər yerli mağazaların da mal təminatını həyata keçirərək onların fəaliyyətini dəstəkləyir.
“Cahan AVM”in Bakı şəhərində, Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində nümayəndəlikləri fəaliyyət göstərir. Bu ofislər mərkəzin satınalma bölməsinin sifarişləri əsasında məhsulların tədarükünü həyata keçirir və eyni zamanda mütəxəssislərin xarici təcrübə əldə etməsinə şərait yaradır.
AVM-də 12.300-dən çox adda məhsul — inşaat materialları, elektrik malları, mebel və aksesuarları, geyim, kosmetika, elektronika və digər sahələr üzrə təqdim olunur. Tanınmış brendlərdən 1001 Home, Elegant Mebel, Texnolux Elektronika, US Polo ASSN, Özdilek, Kemal Tanca, Mado, Lavazza, Nur Gümüş, Mariam Cosmetics və digərləri burada fəaliyyət göstərir.
AVM-də 350-dən çox əməkdaş çalışır. Müasir idarəetmə yanaşmaları və davamlı təlim proqramları sayəsində heyətin peşəkarlığı artırılır. “Cahan AVM”, təkcə satış məkanı deyil, həm də regionda iqtisadi inkişaf və məşğulluğa töhfə verən nüfuzlu ticarət platformasıdır.