Cahan_Az

Xəbərlər

Qarsda Türkiyə–Azərbaycan Regional İqtisadi Forumu: İkitərəfli iqtisadi əməkdaşlığın inkişafına töhfə

Qars şəhərində keçirilən Türkiyə-Azərbaycan Regional İqtisadi Forumunda ASK-nın vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri və “Cahan Şirkətlər Qrupu”nun təsisçisi Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi, Türkiyənin Odalar və Borsalar Birliyi, Qars Ticarət və Sənaye Palatası və KOBİA-nın təşkilatçılığı ilə baş tutan forumda əsas məqsəd Naxçıvanın biznes və investisiya imkanlarının tanıdılması və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi olub.

Tədbirdə KOBİA sədri Orxan Məmmədov, Qars valisi Ziya Polat, Qars Ticarət və Sənaye Palatasının rəhbəri Kadir Bozan, KOSGEB sədr müavini Selim Serkan Ercan və digər rəsmi şəxslər çıxış edərək regional iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Forum çərçivəsində Vüqar Abbasov və nümayəndə heyəti Qarsda bir sıra müəssisələrə səfər edib, Türkiyəli iş adamları ilə ikitərəfli görüşlər keçiriblər. KOBİA nümayəndələri isə Qarsın rəhbər şəxsləri ilə görüşərək sərhədyanı ticarət və birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, forumda “Cahan Şirkətlər Qrupu”na daxil olan bir sıra şirkətlərin rəhbər heyəti də iştirak etmişdir.